Audiovizual media
Geriyə
Geriyə

İnfrastruktur operatoru

“Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, infrastruktur operatoru sahib olduğu baza yerüstü yayım şəbəkələri vasitəsilə Audiovizual Şuranın qərarı ilə onun istifadəsinə ayrılmış radiotezliklərdən istifadə etməklə audiovizual proqramların retranslyasiyasını texniki cəhətdən həyata keçirən, dövlətin mülkiyyətində olan qurumdur.

İnfrastruktur operatoru yerüstü yayımçı lisenziyalarından birinə (ümumölkə yerüstü televiziya yayımçısı lisenziyası, regional yerüstü televiziya yayımçısı lisenziyası, ümumölkə yerüstü radio yayımçısı lisenziyası, regional yerüstü radio yayımçısı lisenziyası) malik olan audiovizual media subyekti ilə müqavilə bağlayır, həmin media subyektinin lisenziyasına uyğun olaraq onun proqramlarının yerüstü yayımının həyata keçirilməsini təmin edir və bunun müqabilində “Media haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsində göstərilən məbləğdə xidmət haqqı alır.

İnfrastruktur operatoru istifadəçilərə ödənişli retranslyasiya xidməti göstərə bilməz. İstifadəçilərə ödənişli retranslyasiya xidmətini multipleks operatoru və platforma operatorları göstərə bilər. İnfrastruktur operatoru Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə müəyyən edilən tariflərə uyğun xidmət haqqı müqabilində multipleks və platforma operatorlarına, həmçinin peyk operatoruna siqnalın ötürülməsi xidmətini həyata keçirə bilər.

Beləliklə, ölkə üzrə geniş yayım şəbəkəsinə (radio-televiziya yayım stansiyalarına) sahib olan infrastruktur operatoru aşağıdakı istiqamətlərdə fəaliyyət həyata keçirir:

  • §  FM diapazonunda əhali üçün açıq (ödənişsiz) analoq yerüstü radio yayımının təmin edilməsi;
  • §  DAB+ standartında əhali üçün açıq (ödənişsiz) rəqəmsal yerüstü radio yayımının təmin edilməsi;
  • §  DVB-T və DVB-T2 standartlarında əhali üçün açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının təmin edilməsi;
  • §  Audiovizual Şuradan müvafiq lisenziya almış yayımçılara radio və televiziya proqramlarının peykdən yayımının həyata keçirilməsi üçün DVB-S və DVB-S2 standartlarında siqnalın peykə ötürülməsi (ingiliscə: “uplink”) xidmətinin təmin edilməsi;
  • §  Audiovizual Şuradan müvafiq lisenziya almış multipleks və platforma operatorlarının retranslyasiya paketləri üçün siqnalın təşkili və ötürülməsi xidmətinin təmin edilməsi;
  • §  Peyk rabitəsinin təşkili.

 Azərbaycan Respublikasi Prezidentinin 2022-ci il 08 fevral tarixli 1589 nömrəli Fərmanının 2.8-ci bəndinə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (hazırda “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsinin tabeliyinə olan "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Teleradio” MMC)) infrastruktur operatorudur.