Ankarada "Şüurlu Cəmiyyət üçün Güclü Media" mövzusunda beynəlxalq sammit keçirilmişdir
29-30 aprel 2025-ci il tarixlərində Türkiyənin Ankara şəhərində Radio və Televiziya Ali Şurasının (RTÜK) təşkilatçılığı ilə "Şüurlu Cəmiyyət üçün Güclü Media" adlı beynəlxalq sammit keçirilmişdir. Azərbaycan Respublikası Audiovizual Şurasını tədbirdə Aparat rəhbəri Fazil Novruzov təmsil etmişdir.
Sammitin əsas məqsədi media məzmununun cəmiyyətə təsirlərini hərtərəfli şəkildə araşdırmaq və medianın həm fərdi, həm də kollektiv transformasiyadakı rolunu qiymətləndirmək olmuşdur. Medianın sosial dəyişikliklərə güclü təsirini nəzərə alan bu zirvə görüşü maraqlı çıxışlar, beynəlxalq ekspert panelləri və elmi müzakirələr vasitəsilə müxtəlif və innovativ baxışları təqdim etmişdir.
"Neqativ media məzmununun cəmiyyətə və sosial davranışa təsiri və alternativ həll təklifləri" adlı xüsusi panel sessiyasında panelist qismində çıxış edən Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov Azərbaycan mediasında mövcud olan neqativ informasiyanın səbəbləri, neqativ informasiyanın növlərindən sayılan dezinformasiya, saxta xəbərlər, şiddət və qorxu, ailə institunun nüfuzdan salan məzmun, uşaqlar üçün zərərli olan informasiya kimi təzahürlərə qarşı aparılan mübarizədən, bu mübarizə çərçivəsində Audiovizual Şuranın apardığı fəaliyyətdən söz açmışdır. O, həmçinin, sosial şəbəkələrdə yayımlanan, "Media haqqında" və "Uşaqların zərərli informasiyalardan qorunması haqqında" qanunlara əsasən qadağan edilən və ya məhdudlaşdırılan neqativ məzmunlu paylaşımlarla bağlı mövcud vəziyyət, bu vəziyyətdən çıxış yolları, media savadlılğının və mediada ictimai məsuliyyətin artırılmasının vacibliyi ilə bağlı öz baxışını bölüşmüşdür.
Panel sessiyası çərçivəsində, müxtəlif ölkələri təmsil edən ekspertlər də çıxış edərək öz ölkələrində müşahidə olunan mənfi media təsirləri, tənzimləmə təcrübələri və maarifləndirici təşəbbüslər barədə məlumat vermiş, beynəlxalq səviyyədə bu problemin aktuallığını və qlobal əməkdaşlığın zəruriliyini vurğulamışlar.
Sammit mənfi media məzmununun cəmiyyətə təsiri ilə bağlı mövcud reallıqların və problemlərin diqqətə çatdırılması, eləcə də bu sahədə atıla biləcək praktiki addımların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Təqdim olunan məlumatlar və təkliflər gələcək media siyasətinin formalaşmasında, xüsusilə də uşaqların və həssas qrupların qorunması istiqamətində faydalı əsas yaradadacaqdır. Bu cür müzakirələr, ekspertlərin müxtəlif baxışlarını və təcrübələrini bir araya gətirərək, cəmiyyətin qarşısında duran vacib problemlərə yanaşmanın əhəmiyyətini bir daha ortaya qoyur. Bu tədbirlər yalnız məlumat mübadiləsi deyil, həm də ortaq güclə, birgə fəaliyyətlə mövcud cağırışlara real cavablar tapmaq üçün atılan addımlardır.