Azərbaycanda “DAB+” standartlı rəqəmsal yerüstü radio yayımının tətbiqi
“DAB+” (“Digital Audio Broadcasting Plus”) rəqəmsal audio yayım standartıdır. Bu texnologiya vasitəsilə, AM və FM diapazonda olan analoq radio yayımından fərqli olaraq, səs rəqəmsal formatda ötürülür. Hazırda dünyanın 40-dan çox ölkəsində “DAB+” standartında rəqəmsal radio yayımı həyata keçirilir.
26 avqust 2019-cu il tarixində Azərbaycanda ilk dəfə Bakı Teleqüllə Kompleksində “DAB+” standartlı rəqəmsal radio verici quraşdırılmış və 11-ci TV yayım kanalının 11B alt diapazonunda (218,6 MHs radioteziyində) bir paketdə 11 radio kanalın Bakı şəhəri və Abşeron yarımadasında sınaq yayımı həyata keçirilməyə başlamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 oktyabr tarixli 818s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” təsdiq edilmişdir.
Azərbaycan Respublikası Audiovizual Şurası ölkə ərazisində FM diapazonunda analoq radio yayımı ilə yanaşı, onunla paralel “DAB+“ standartlı rəqəmsal yerüstü radio yayımının həyata keçirlməsi məqsədilə 10 sentyabr 2024-cü il tarixli, 30/24-13 nömrəli qərarı ilə “Bakı Teleqüllə Kompleksi”ndən və Ağsu rayonu ərazisində yerləşən “Gülüstan” radio-televiziya yayım stansiyasından 12-ci TV yayım kanalının 12A alt diapazonunu (223,168 - 224,704 MHs radiotezlik zolağını), 03 iyun 2025-ci il tarixli, 23/25-09 nömrəli qərarı ilə isə, “Xankəndi” radio-televiziya yayım stansiyasından 11-ci TV yayım kanalının 11B alt diapazonunu (217,872 - 219,408 MHs radiotezlik zolağını) infrastruktur operatorunun istifadəsinə ayırmışdır.
Hazırda Bakıda, Abşeron yarımadasında, Mərkəzi Aran bölgəsində, Ağsu, Şamaxı və İsmayıllı rayonlarının ərazisində 223,936 MHs radiotezliyində təktezlikli şəbəkə (SFN) rejimində 12 radio kanalın paket şəklində rəqəmsal radio yayımı həyata keçirilir və ölkə ərazisinin təxminən 25%-i və əhalisinin isə təxminən 40%-i “DAB+” standartlı rəqəmsal yerüstü radio yayımı ilə təmin olunmuşdur.
FM diapazonda analoq radio yayımının dayandırılması və tam olaraq “DAB+” formatlı rəqəmsal radio yayımına keçidin müddətləri ölkədə əsas avtomobil yollarını da əhatə edən “DAB+” standartlı rəqəmsal radio yayımı şəbəkəsinin tam qurulmasından, “DAB+” qəbuledici ilə təchiz olunmuş avtonəqliyyat vasitələrinin sayından, “DAB+” qəbuledici qurğularının satışının kifayət olmasından və əhaliyə əlçatanlığından, əhalinin məlumatlılıq səviyyəsindən və sairə proseslərdən asılıdır. Dünya təcrübəsində olduğu kimi, keçid dövründə bir neçə il ərzində FM diapazonda analoq radio yayımı ilə “DAB+” rəqəmsal radio yayımı paralel həyata keçirilir.
“DAB+” standartlı rəqəmsal radio yayımının aşağıda sadalanan bir sıra üstünlükləri mövcuddur:
- bir radiotezlik ilə (multipleks) 12 və daha çox radio kanalın yayımlanmasına imkan verir;
- məhdud olan radiotezlik resurslarından istifadəyə qənaət etməyə, elektrik enerjisi və stansiyaların istismar xərclərini azaltmağa imkan verir;
- daha yüksək səs keyfiyyəti təmin olunur, yayım zamanı yaranan küylər minimallaşır;
- analoq yayımda baş verən “tezlik sürüşməsi” problemi aradan qalxır;
- radio yayımı zamanı bəzi vizual məlumatların (mahnı, ifaçı, proqram haqqında məlumatlar, hava proqnozu, xəbər başlıqları və sairə) istifadəçiyə ötürülməsi imkanı yaranır;
- radio kanalları adları ilə tapmaq olur ki, bu da, xüsusilə avtomobildə və ya hərəkətdə olarkən istənilən radio kanalın tapılmasını asanlaşdırır.