Lisenziyaların verilməsi
Azərbaycan Respublikası Audiovizual Şurasının əsas vəzifələrindən biri “Media haqqında” Qanunun 47.1.4-cü maddəsinə uyğun olaraq audiovizual media subyektləri üçün lisenziyaların verilməsidir. Lisenziyalaşdırma prosesi Azərbaycanda audiovizual media fəaliyyətinin hüquqi çərçivədə, şəffaf və müasir standartlara uyğun şəkildə təşkil edilməsini təmin edir, ictimaiyyətin keyfiyyətli informasiya ilə təmin olunmasına və audiovizual media sektorunun dayanıqlı və sağlam inkişafına xidmət edir.
Audiovizual media subyektləri üçün lisenziyalar iki üsulla verilir:
º müsabiqə əsasında
º müsabiqə keçirilmədən
Yerüstü yayım və retranslyasiya xidmətləri, habelə peyk yayımı üçün lisenziyalar (ümumölkə yerüstü televiziya yayımçısı lisenziyası, ümumölkə yerüstü radio yayımçısı lisenziyası, regional yerüstü televiziya yayımçısı lisenziyası, regional yerüstü radio yayımçısı lisenziyası, peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası, multipleks operatoru lisenziyası) Audiovizual Şuranın elan etdiyi müsabiqə əsasında verilir. Bu proses bir neçə ardıcıl mərhələdən ibarətdir: sənədlərin qəbulu; sənədlərin yoxlanılması və zəruri sorğular əsasında məlumatların toplanılması; müraciətlərin qiymətləndirilməsi; nəticələrin elan olunması.
Platforma yayımı və retranslyasiya xidmətləri, habelə sifarişli yayım xidmətləri üçün lisenziyalar (peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası, sifarişli yayım xidməti provayderi lisenziyası, sadə platforma operatoru lisenziyası, universal platforma operatoru lisenziyası) müsabiqə keçirilmədən verilir.
Lisenziya verilərkən yalnız yaradıcılıq və texniki imkanlar deyil, həmçinin ictimai dəyərlərə uyğunluq, milli maraqların qorunması, qanunçuluq və məsuliyyət prinsipləri nəzərə alınır. Audiovizual Şura lisenziya verilməsi ilə yanaşı, həmin lisenziyaların şərtlərinə əməl olunmasına nəzarət edir. Qanunvericiliyin tələblərinə zidd fəaliyyət müəyyən olunduqda müvafiq hüquqi tədbirlər görülür.