Şura Geriyə
Geriyə

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Yayım Tənzimləyici Orqanlarının Forumu

Thumbnail 1

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin televiziya və radio  yayımı üzrə tənzimləmə orqanlarının forumu olan IBRAF (Organisation of Islamic Cooperation Broadcasting Regulatory Authorities Forum)  İslam ölkələri yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədləri güdən beynəlxalq bir təşkilatdır.

IBRAF-ın əsas funksiya və məqsədləri bunlardır:

  • Yayım tənzimləyici orqanları arasında dialoq və əməkdaşlığın təşviq edilməsi;
  • Yayım sahəsində ümumi mövzular üzrə məlumatların, baxışların və təcrübələrin mübadiləsi üçün forumun təmin edilməsi;
  • Audiovizual məsələlərin geniş spektri üzrə müzakirələr üçün forumun təmin edilməsi.

 

IBRAF-ın qurulması layihəsini 2010-cu ildə Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) o zamankı rəhbəri Dr. Davud Dursun və RTÜK-ün beynəlxalq əlaqələr departamentinin müdiri Dr. Hamit Ersoy İƏT-in o zamankı Baş katibi Dr. Ekmeleddin İhsanoğlu ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşündə irəli sürmüşlər. Bu görüşdə layihənin İƏT-nın İnformasiya və Mədəniyyət İşləri üzrə Daimi Komitəsinə (COMİAC-a) təqdim olunması üçün fəaliyyət planı qərarlaşdırılmışdır. Bunun ardınca, COMİAC 2010-cu il 11-13 oktyabr tarixlərində Seneqalın Dəkər şəhərində keçirilən növbəti iclasında bu layihəni bəyənib qəbul etmişdir. Daha sonra, 2011-ci ilin 17-18 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində IBRAF-ın 1-ci toplantısı keçirilmiş və təsis olunma haqqında Birgə Deklarasiya qəbul olunmuşdur.

Nəhayət, 2012-ci ilin 17-20 aprel tarixlərində Qabonun Librevil şəhərində keçirilən İƏT İnformasiya Nazirlərinin toplantısında 57 üzv dövlətin İnformasiya nazirləri IBRAF-ın yaradılmasını dəstəkləmiş və təşkilat öz hüquqi statusunu qazanmışdır.

2012-ci ilin 2-3 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 2-ci toplantıda IBRAF-ın Nizamnaməsi qəbul olunmuşdur. 2013-cü ilin yanvarın 1-dən qüvvəyə minən Nizamnaməyə əsasən, IBRAF-ın Daimi Katibliyinin Türkiyənin Ankara şəhərində təşkil olunması razılaşdırılmışdır.

Azərbaycan Respublikası Audiovizual Şurası 2011-ci ildən IBRAF-ın təsisçi üzvüdür.

IBRAF-a üzvlük İƏT-ə üzv dövlətlərin milli yayım tənzimləyici orqanları və ya oxşar funksiyaları yerinə yetirən ictimai qurumlar üçün açıqdır.