Kommunikasiya sektoru
14 oktyabr 2025-ci il tarixdə
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri tərəfindən təsdiq edilmişdir
Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının
Kommunikasiya sektorunun
Ə S A S N A M Ə S İ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Audiovizual Şurası (bundan sonra - Şura) Aparatının struktur bölməsi olan Kommunikasiya sektoru (bundan sonra - Sektor) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Şuranın kommunikasiya fəaliyyətini, maarifləndirmə və məlumatlandırma sahəsində müəyyən olunmuş işləri, daxili və xarici kütləvi informasiya vasitələri (media qurumları) ilə əlaqələrin qurulmasını, audioviziual media qurumları və sosial platforma istifadəçiləri ilə kommunikasiya əlaqələrinin gücləndirilməsini həyata keçirir.
1.2. Sektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Media haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Dövlət sirri haqqında”, “Dövlət qulluğu haqqında” və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Şuranın qərarlarını, Şura sədrinin (bundan sonra – Sədr) əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.
1.3. Sektor öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Şura aparatının bölmələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Sektorun fəaliyyət istiqamətləri
2.0. Sektorun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. Şuranın kommunikasiya fəaliyyətinin həyata keçirilməsi;
2.0.2. yerli və xarici media qurumları ilə əlaqələrin qurulması, audioviziual media qurumları və sosial platforma istifadəçiləri ilə kommunikasiya əlaqələrinin gücləndirilməsi, Şuranın rəsmi veb-saytının və sosial media hesablarının idarə edilməsi, mediada əks olunan məlumatların monitorinqi və təhlili, böhran vəziyyətlərində kommunikasiya üzrə fəaliyyət;
2.0.3. müvafiq sahənin inkişafının təmin olunması üzrə fəaliyyət.
3. Sektorun vəzifələri
3.0. Sektorun vəzifələri aşağıdakılardır:
3.0.1. Şuranın kommunikasiya strategiyasına və sosial media siyasətinə uyğun olaraq ictimaiyyət, media qurumları, qeyri-hökumət təşkilatları, dövlət və kommersiya qurumları, audiovizual media subyektləri ilə kommunikasiya və əlaqələrin qurulmasının təmin olunması;
3.0.2. Şuranın strukturlarının ictimaiyyətlə əlaqələrinin, təbliğat-təşviqat və maarifləndirmə işlərinin təşkilinin və əlaqələndirilməsinin həyata keçirilməsi, bu sahədə mərkəzləşdirilmiş və vahid yanaşmanın, habelə Şura tərəfindən görülmüş işlər barədə məlumatlandırmanın təmin olunması;
3.0.3. Şuranın fəaliyyətinin mediada işıqlandırılması üçün pres-relizlərin, məlumat bülletenlərinin, bəyanatların, müsahibələrın, çıxışların və sairənin hazırlanmasının, eləcə də rəhbərliyin və digər vəzifəli şəxslərin mediada çıxışlarının, mətbuat konfranslarının, brifinqlərinin, ictimaiyyətlə görüşlərinin təşkil olunmasının, Şura tərəfindən keçirilən tədbirlərdə media nümayəndələrinin iştirakının təmin olunması;
3.0.4. Şuranın rəhbər şəxslərinin rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin informasiya təminatının təşkil olunması;
3.0.5. Şuranın fəaliyyəti ilə bağlı mediada yayımlanan materialların gündəlik monitorinqinin aparılmasının və bu barədə Şura rəhbərliyinə məlumat verilməsinin, Şuranın fəaliyyəti üzrə ictimai rəy sorğularının və digər sosial araşdırmaların həyata keçirilməsi;
3.0.6. Şuranın rəsmi vebsaytı və sosial şəbəkə hesabları üçün mətn, audio və video formatda məlumatların hazırlanması prosesində iştirak;
3.0.7. fəaliyyət istiqamətləri üzrə yaradılan işçi qruplarda, komissiya və komitələrdə iştirak, bununla bağlı zəruri sənədləşmə işlərinin aparılması;
3.0.8. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən Şuraya ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasının və müvafiq tədbirlərin görülməsinin təmin edilməsi;
3.0.9. Şuranın strateji inkişaf, fəaliyyət və tədbir planlarının hazırlanmasında iştirak, habelə bununla bağlı və sahəvi qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar rəhbərliyə təkliflərin təqdim olunması;
3.0.10. Sektorun fəaliyyəti ilə bağlı hesabatların, icmalların, təqdimatların və sairə materialların hazırlanması və rəhbərliyə təqdim olunması;
3.0.11. Sektorun əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin həyata keçirilməsi;
3.0.12. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
4. Sektorun hüquqları
4.0. Sektor öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. Şuranın audiovizual mediaya texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya üzrə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində həmçinin müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək, onların tətbiqi imkanlarını araşdırmaq, səmərəliliyin artırılması üçün təhlil və ümumiləşdirmələr aparmaqla aidiyyəti təkliflər vermək;
4.0.2. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Şura aparatının struktur bölmələrinə müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;
4.0.3. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Şuranı dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, Şuranın hüququnu və qanuni mənafelərini müdafiə etmək;
4.0.4. Şurada və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Şuranı təmsil etmək, onların işində iştirak etmək;
4.0.5. fəaliyyət istiqamətləri ilə əlaqədar olaraq təşkil olunan təlimlərdə iştirak etmək;
4.0.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Sektorun fəaliyyətinin təşkili
5.1. Sektor bilavasitə Şura Aparatının rəhbərinə və bilvasitə Şura sədrinə tabedir və onlar qarşısında hesabat verir. Sədr tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs sektor müdiri rəhbərlik edir.
5.3. Sektor müdiri:
5.3.1. Sektora həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3.2. Sektorunn fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.3.3. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətinin əlaqələndirlməsini və qiymətləndirilməsini həyata keçirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
5.3.4. Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
5.3.5. Sektor üzrə Şura iclaslarında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Şura rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.3.6. Sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Şura rəhbərliyinə təqdimatlar verir;
5.3.7. Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Şuranın digər strukturlarından zəruri məlumat və sənədləri alır;
5.3.8. Sektora daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.3.9. Sektorda kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.3.10. Sektoru təmsil edir.
5.4. Sektor müdiri ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Sektor müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sədr tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.
5.5. Sektorun digər əməkdaşları sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
5.6. Sektorun əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.