Audiovizual mühit nəzarətdə: Məsuliyyət, qanun, ictimai etimad

Ölkədə televiziya və radio yayımının keyfiyyətini artırmaq ictimai maraqları qorumaq və faydalı məzmunun təşviq olunmasını təmin etmək məqsədilə müəyyən strateji hədəf və prioritetlərə əsaslanır
Bu gün informasiya axınının sürətlə artdığı bir zamanda audiovizual media həm cəmiyyətin düşüncəsinə, həm də ictimai dəyərlərin formalaşmasına birbaşa təsir göstərən əsas vasitələrdən birinə çevrilib. Buna görə də efir məkanında qanunçuluğun təmin olunması, etik normaların, dövlət dilinin saflığının qorunması və ictimai məsuliyyətin gücləndirilməsi bu gün daha aktual məsələlərdən biridir. Azərbaycan Respublikasının Audiovizual Şurası məhz bu istiqamətdə – sağlam, balanslı və milli dəyərlərə söykənən media mühitinin formalaşdırılması məqsədilə ardıcıl fəaliyyət göstərir. Son illərdə Şuranın monitorinqləri nəticəsində həm yayım keyfiyyətinin yüksəldilməsi, həm də qanun pozuntularının qarşısının alınması istiqamətində mühüm nəticələr əldə olunub.
Azərbaycan Respublikasının Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov bu istiqamətdə həyata keçirilən tədbirlər, aparılan monitorinqlər və qarşıda duran hədəflər barədə “İki sahil” qəzetinə müsahibəsində ətraflı məlumat verdi. Müsahibədə son bir ildə televiziya və radio məkanında qeydə alınan əsas qanun pozuntuları, dil normalarına riayət olunması, uşaqların zərərli informasiyadan qorunması, reklam fəaliyyətinə nəzarət, eləcə də rəqəmsal platformaların yaratdığı yeni çağırışlar və bu sahədə planlaşdırılan addımlar barədə danışılıb.
-Son bir ildə yayım məkanında ən çox nə kimi pozuntular qeydə alınıb və bu tendensiyalar cəmiyyət üçün hansı mesajları verir?
-2024-cü ilin sentyabrından cari ilin sentyabr ayına kimi rəsmi xəbərdarlıq, yayım dayandırma və maliyyə sanksiyası ilə bağlı Audiovizual Şura tərəfindən görülmüş inzibati tənbeh tədbirləri bunlardır:
"Media haqqında" Qanunun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrət çıxışlarına yol verilməməlidir) maddələrinin tələblərinin pozulmasına görə "Space TV" kanalının yayımı 16 sentyabr 2025-ci il tarixində 6 saat müddətinə dayandırılmışdır.
"Media haqqında" Qanunun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) maddəsinin pozulmasına görə 18 iyul 2025-ci il tarixdə “Xəzər TV” kanalına xəbərdarlıq edilmişdir.
"Media haqqında" Qanunun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulmasına görə 13 iyun 2025-ci il tarixdə “Space TV” kanalına xəbərdarlıq edilmişdir.
"Media haqqında" Qanunun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) maddəsinin pozulmasına görə 6 may 2025-ci il tarixdə “ARB” kanalına xəbərdarlıq edilmişdir.
"Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasına görə "Kanal S" televiziya kanalının yayımı 4 aprel 2025-ci il tarixdə 24 saatlıq dayandırılmışdır.
"Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin (reklam çarxında tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsinin, verilmə tarixinin və onu verən orqanının adının göstərilməməsi) pozulmasına görə “MTV” və “Dünya TV” kanallarının yayımı 7 fevral 2025-ci il tarixində 3 saatlıq dayandırılmışdır. 2024-cü ilin sentyabr ayından cari ilin sentyabr ayına kimi olan müddət ərzində yayımçılara münasibətdə cərimə ilə bağlı protokol tərtib edilməmişdir.
-Dil normalarının qorunması istiqamətində aparılan monitorinqlər hansı nəticələri verib və televiziya, radio proqramlarında nə kimi təkmilləşdirmə tədbirləri görülüb?
-Dövlət dilinin istifadəsinə dair tələblərə əməl olunması ilə bağlı monitorinqlər vaxtaşırı həyata keçirilir. Hazırda bu sahədə, xüsusilə, xəbər və informasiya proqramlarında ciddi qanun pozuntularına rast gəlinmir.
-Uşaqlar və yeniyetmələr üçün zərərli məzmunun qarşısının alınması üçün tətbiq etdiyiniz mexanizmlər kifayət edirmi, yoxsa daha güclü tədbirlər görülməlidir?
-Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunması aparılan monitorinqlərin əsas istiqamətlərindən birini təşkil edir. Aşkar edilən qanun pozuntuları və neqativ hallara uyğun olaraq yayımçılara qarşı müvafiq inzibati tənbeh tədbirləri görülür. Bundan başqa, yayımçılarla qeyd olunan istiqamətdə maarifləndirici tədbirlər, görüş, seminar və təlimlər keçirilir. Müşahidələr göstərir ki, bütün bunlar öz müsbət təsirini göstərir və audiovizual mediada hazırda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələblərinə əməl olunması üzrə müsbət dinamika müşahidə olunur.
-Reklamların müddətinə və məzmununa nəzarətdə hansı yeni çağırışlar üzə çıxır və Şura bu məsələləri necə həll edir?
-Bəzən audiovizual yayımçıların efirində reklamın qanunvericiliyə əsasən müəyyən olunmuş həcminin (1 saatda 12 dəqiqə) aşılması hallarına rast gəlinir. Bundan başqa, reklamların məzmununda da arabir pozuntular aşkar edilir. 2024-cü il ərzində dərman və qida əlavələrinin, alkoqollu içkilərin reklamlarında məzmun pozuntuları qeydə alınmış, qısa müddətdə onların aradan qaldırılması təmin olunmuşdur. Misal olaraq, "MTV" və “Dünya TV” kanallarının efirində yayımlanan reklam çarxında tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adının göstərilməməsinə görə Audiovizual Şura həmin kanalların yayımının 07 fevral 2025-ci il tarixdə 3 saatlıq müddətə dayandırılması ilə bağlı qərarlar qəbul etmişdir.
-Efirə buraxılan proqramlarda ictimai balans, plüralizm və obyektivliyin qorunması hansı meyarlarla ölçülür və bu meyarlar praktikada necə tətbiq olunur?
-Audiovizual Şura tərəfindən aparılan monitorinqlərdə “Media haqqında” Qanunun 14- cü maddəsinin yayımlanan informasiyaya dair tələblərinə, xüsusilə də faktlar və hadisələrin qərəzsiz və obyektiv təqdim olunmasına, birtərəfliliyə yol verilməməsi kimi məqamlara diqqət edilir.
-Audiovizual Şura efir məkanında innovativ layihələrin təşviqi və yerli istehsalın inkişafı üçün hansı təşəbbüsləri dəstəkləyir?
-Bu məsələlər daim diqqətdə saxlanılır və mümkün addımlar görülür. 5 aprel 2024-cü il tarixində Medianın İnkişafı Agentliyi və Audiovizual Şura tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə ümumölkə yerüstü televiziya yayımçıları üçün müsabiqə elan olunmuşdur. 6 iyun 2024-cü il tarixinə qədər layihə qəbulu aparılan müsabiqənin yekunları sentyabr ayında açıqlanmışdır. 2024-2025-ci illər televiziya mövsümündə qalib olmuş 11 layihənin hər biri üzrə azı 32 proqram yayımlanmışdır. Həmçinin müsabiqə üzrə qalib elan olunmuş 6 sosial videoçarxın hərəsi qeyd olunan dövr ərzində 800 dəfədən çox müvafiq kanallarda yayımlanmışdır. Cari ildə də bu istiqamətə yeni müsabiqə keçirilmişdir. Belə ki, 23 may 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi və Audiovizual Şura tərəfindən növbəti dəfə elan olunmuş dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələrinə görə 8 proqram və 7 sosial videoçarx qalib elan olunmuşdur. Həmin materialların 2025-2026-cı illər televiziya mövsümündə yayılanmasına artıq başlanılmışdır.
-Şura monitorinqlərinin nəticələrini ictimaiyyətə açıqlayarkən hansı prioritetlər önə çıxır - statistik rəqəmlər, yoxsa keyfiyyət meyarları və niyə?
-Audiovizual Şura üç aydan bir ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsünü ictimaiyyətə təqdim edir. Mütəmadi olaraq pozuntular və sanksiyalar haqqında açıqlama verilir. Bu məsələdə keyfiyyətin müəyyən edilməsi Audiovizual Şuranın səlahiyyətləri daxilində deyildir.
-Yeni media trendləri, xüsusən rəqəmsal platformalar fonunda mövcud qanunvericilikdə nə kimi boşluqlar hiss olunur və Şura bu sahədə hansı addımları planlaşdırır?
-Son illərdə informasiya texnologiyalarının inkişafı fonunda yeni media trendləri, xüsusilə sosial media platformaları, video paylaşım platformaları (Instagram, TikTok, Facebook, Youtube və s.) sürətlə inkişaf etmişdir. Bu surətli inkişaf insanların məlumat əldə etmə, məlumat paylaşma, müxtəlif xidmətlər əldə etməsi üçün əsasa çevrilir. Digər tərəfdən, bu rəqəmsal platformalarda dezinformasiya və saxta xəbərlərin yayılmasına, pirat yayım və pirat retransilyasiya məsələlərinin kütləviləşməsinə səbəb olmuşdur. Bu kontekstdə “pirat” kontent və “pirat” retransilyasiya ən başlıca problemlərdən birinə çevrilmişdir. “Pirat” yayımlar və “pirat” retransliyasiya həm hüquqi, həm də iqtisadi baxımdan böyük problemlər yaradır, çünki orijinal məzmun istehsalçıları, lisenziyalı subyektlər bərabər rəqabət mühitində olmadıqları üçün maddi itkilər yaşayır. Sadaladıqlarımızın fonunda müəyyən aradan qaldırıla bilən praktiki və normativ boşluqlar mövcuddur. Qeyd edə bilərik ki, hazırda Azərbaycan Respublikasında rəqəmsal platformaların tənzimlənməsi ilə bağlı vahid normativ yanaşma yoxdur. Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, bəzi ölkələrdə ciddi tənzimləmə olsa da, bir sıra ölkələrdə ümumiyyətlə, tənzimləmə mövcud deyildir. Ölkəmizdə ayrı-ayrı qanunvericilik aktlarında bu platformalarda paylaşılan məzmunla bağlı xüsusi normalar nəzərdə tutulsa da konkret olaraq tənzimləmə mövcud deyildir. Belə şərait bir sıra “işbaz”ların rəqəmsal platformalara üz tutmasına, beləliklə də istehlakçı hüquqlarının pozulmasına, “pirat” yayımların, “pirat” retransilyasiya xidmətlərinin artmasına şərait yaradır. Hesab edirik ki, bu istiqamətdə ciddi irəliləyiş əldə etmək üçün dövlət qurumlarının koordinasiyalı fəaliyyəti və bir sıra normativ sənədlərin qəbulu vacibdir.
-Audiovizual Şura yayım keyfiyyətini yüksəltmək və cəmiyyət üçün faydalı məzmunun artırılması məqsədilə hansı strateji hədəfləri və prioritetləri əsas götürür?
-Audiovizual Şura ölkədə televiziya və radio yayımının keyfiyyətini artırmaq, ictimai maraqları qorumaq və faydalı məzmunun təşviq olunmasını təmin etmək məqsədilə müəyyən strateji hədəf və prioritetlərə əsaslanır. Bu hədəf və prioritetlər adətən milli qanunvericilik, dövlətin informasiya siyasəti, beynəlxalq standartlar və ictimai tələbatla müəyyən olunur. İlk növbədə, audiovizual media subyektlərinin texniki imkanlarının gücləndirilməsi və yayım keyfiyyətinin yüksəldilməsi ön plandadır. Bu istiqamətdə Audiovizual Şura HD və rəqəmsal yayım formatlarının tətbiqini təşviq edir. Bundan əlavə, Audiovizual Şura maarifləndirici proqramların say və keyfiyyət baxımından artırılmasını təşviq edir. Dezinformasiya və zərərli məzmunla mübarizə məqsədilə hüquqi və tənzimləyici mexanizmlər tətbiq olunur, media savadlılığının artırılması təşviq edilir.
Yaqut Ağaşahqızı, “İki sahil”