Şura
Geriyə

Maliyyə və təminat şöbəsi

21 iyun 2022-ci il tarixdə

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri tərəfindən təsdiq edilmişdir

Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının

Maliyyə və təminat şöbəsinin

Ə S A S N A M Ə S İ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Audiovizual Şurası (bundan sonra - Şura) Aparatının struktur bölməsi olan Maliyyə və təminat şöbəsi (bundan sonra - Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Şura aparatında maliyyə işlərinin və mühasibat uçotunun aparılmasını, Şuranın maddi-texniki və digər təminat işlərini, dövlət büdcəsinin Şura ilə əlaqədar olan bəndlərinin icrasının təşkil olunmasını və ona nəzarəti, habelə Şuranın balansında olan daşınar və daşınmaz əmlakdan, vəsait və avadanlıqlardan, digər maddi və qeyri-maddi aktivlərdən istifadə, onların qorunub saxlanması işlərinin təşkilini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının “Media haqqında”, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında”, “Dövlət satınalmaları haqqında”, “Dövlət qulluğu haqqında” və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Şuranın qərarlarını, Şura sədrinin (bundan sonra – Sədr) əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Şura aparatının bölmələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 2. Şöbənin fəaliyyət istiqamətləri

 2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Şura aparatında maliyyə işlərinin və mühasibat uçotunun aparılması, dövlət büdcəsinin Şura ilə əlaqədar olan bəndlərinin icrasının təşkil olunması və ona nəzarət üzrə fəaliyyət;

2.0.2. Şuranın maddi-texniki və digər təminatı, habelə Şuranın balansında olan daşınar və daşınmaz əmlakdan, vəsait və avadanlıqlardan, digər maddi və qeyri-maddi aktivlərdən istifadə, onların qorunub saxlanması üzrə fəaliyyət;

2.0.3. müvafiq sahənin inkişafının təmin olunması üzrə fəaliyyət.

3. Şöbənin vəzifələri

3.0. Şöbənin vəzifələri aşağıdakılardır:

3.0.1. Şöbədə mühasibat uçotunun və hesabatının müəyyən olunmuş mühasibat uçotu standartlarına uyğun təşkil olunması və aparılması;

3.0.2. ilkin uçot sənədlərinin, mühasibat uçotu registrlərinin, mühasibatlıq hesabatlarının, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədlərin tərtib edilməsi və müəyyən edilmiş qaydada təsdiq olunması işinin təşkili;

3.0.3. Şura aparatının xərclər smetasının layihələrinin tərtib edilməsi və təsdiq olunmaq üçün rəhbərliyə təqdim olunması;

3.0.4. Şuranın  fəaliyyət istiqamətləri ilə bağlı ayrılan büdcə vəsaitlərinin, kreditlərin və digər maliyyə vəsaitlərinin banklardan və digər kredit təşkilatlarından alınması və təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi;

3.0.5. müəyyən edilmiş ştat sayı və əməyin ödənişi fondu dairəsində Şura aparatının ştat cədvəlləri layihələrinin hazırlanması və müəyyən edilmiş qaydada təsdiq olunması işinin təşkili;

3.0.6. Şuranın fəaliyyəti ilə bağlı bank və xəzinə əməliyyatlarını həyata keçirmək məqsədilə zəruri tədbirlərin görülməsi;

3.0.7. Şura aparatının işçilərinə, ştatdankənar (ekspert qrupu) işçilərinə və Şura üzvlərinə əmək haqqının, ezamiyyə xərclərinin və müavinətlərin, pul mükafatlarının verilməsinin təmin olunması;

3.0.8. Şuranın illik maliyyə fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı sənədlərin işlənib hazırlanması, ötən ilin maliyyə və təminat fəaliyyətini əks etdirən uçot məlumatlarının auditora təqdim olunması və auditorun qeydlərini nəzərə alaraq illik maliyyə hesabatlarının müvafiq orqanlara təqdim olunması;

3.0.9. qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Şura aparatının balansında olan əsas vəsaitlərin, eləcə də öhdəliklərin, hesablaşmaların, kapitalın və s. maddi sərvətlərin, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasının aparılmasının, bununla bağlı zəruri sənədləşmə işlərinin həyata keçirilməsinin, tərtib edilmiş inventarizasiya siyahısının (aktının) bir nüsxəsinin sədrə təqdim olunmasının təşkili;

3.0.10. Şura aparatının balansında olan, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan daşınar və daşınmaz əmlakın, avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi;

3.0.11. Şuranın balansında olan daşınar və daşınmaz əmlakın, inventar və avadanlıqların, qurğuların səmərəli istismar edilməsi, onların təmiri və qorunması ilə bağlı fəaliyyətin aparılması;

3.0.12. Şura üzvləri və aparatının əməkdaşları üçün zəruri olan mebel, ofis texnikası, avadanlıq və rabitə vasitələrinin, kargüzarlıq ləvazimatlarının müəyyən olunması və onların alınması ilə bağlı təkliflərin hazırlanması, bununla bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq zəruri prosedur və sənədləşmə işlərinin həyata keçirilməsi;

3.0.13. Şuranın inzibati binasının yanğından mühafizəsi və orada sanitar-gigiyenik normalara riayət olunması ilə bağlı fəaliyyətin təmin olunması;

3.0.14. Şuranın inzibati binasında və ya Şuranın təşkilatçılığı ilə digər məkanlarda keçirilən müşavirələrin, iclasların, görüşlərin və digər bu kimi tədbirlərin təşkili və texniki təminatı ilə bağlı fəaliyyətin təşkili;

3.0.15. Şöbənin fəaliyyəti ilə bağlı yaradılan işçi qruplarda, komissiya və komitələrdə iştirak, bununla bağlı zəruri sənədləşmə işlərinin aparılması;

3.0.16. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasının təmin olunması;

3.0.17. Şöbənin fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanması və rəhbərliyə təqdim olunması;

3.0.18. Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin həyata keçirilməsi;

3.0.19. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən Şuraya ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasının və müvafiq tədbirlərin görülməsinin təmin edilməsi;

3.0.20. Şuranın strateji inkişaf, fəaliyyət və tədbirlərin planlarının hazırlanmasında iştirak, habelə bununla bağlı və sahəvi qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar rəhbərliyə təkliflərin təqdim olunması;

3.0.21. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. maliyyə və təminat üzrə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.0.2. Şura aparatının istifadəsində olan mebel, ofis texnikası, avadanlıq və rabitə vasitələrinə onların olduğu yerlər üzrə baxış keçirmək;

4.0.3. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Şura aparatının struktur bölmələrinə müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

4.0.4. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Şuranı dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, Şuranın hüququnu və qanuni mənafelərini müdafiə etmək;

4.0.5. Şurada və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Şuranı təmsil etmək, onların işində iştirak etmək;

4.0.6. fəaliyyət istiqamətləri ilə əlaqədar olaraq təşkil olunan təlimlərdə iştirak etmək;

4.0.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu Şura sədri tərəfindən təsdiq edilir. Şöbə bilavasitə Şura aparatının rəhbərinə və bilvasitə Şura sədrinə tabedir və onlar qarşısında hesabat verir. Sədr tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

5.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs - şöbə müdiri rəhbərlik edir.

5.3. Şöbə müdiri:

5.3.1. Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3.2. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.3.3. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətinin əlaqələndirlməsini və  qiymətləndirilməsini həyata keçirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

5.3.4. Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.3.5. Şöbə üzrə Şura iclaslarında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Şura rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.3.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Şura rəhbərliyinə təqdimatlar verir;

5.3.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Şuranın digər strukturlarından zəruri məlumat və sənədləri alır;

5.3.8. Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.3.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.3.10. Şöbəni təmsil edir.

5.4. Şöbə müdirinin sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya sədr tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.

5.5. Şöbənin digər əməkdaşları sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.